Eşitmə və nitq məhdudiyyəti olan şəxslərin, onların yaxınlarının və onlarla işləyən mütəxəssislərin, ümumilikdə, cəmiyyətin istifadəsi məqsədi ilə Azərbaycan jest dili lüğəti və bu lüğətin yerləşdirildiyi “jestdili.az” veb-saytı “Karlara dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.
Lüğət 3000-ə yaxın ümumişlək söz və hər bir sözün jestindən ibarətdir. Jestlər video, foto və yazılı formada təqdim edilib.
Lüğətin elmi-metodik cəhətdən düzgünlüyünün təmin edilməsi və layihənin keyfiyyətlə yerinə yetirilərək cəmiyyət üçün faydalı nəticələrin ortaya qoyula bilməsi məqsədilə lüğətin hazırlanması prosesinə bu sahədə təcrübəyə və ya mütəxəssislərə malik maraqlı qurumları cəlb etməklə, onların nümayəndələrindən ibarət “İşçi qrup” yaradılıb.
“İşçi qrup”un tərəfi olan qurumlar və onların təyin etdikləri nümayəndələr aşağıda qeyd olunub:
- Azərbaycan Milli Elmlər Akademiyası
- Gültəkin Əliyeva - Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
- Zülfiyyə Musavi - Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
- Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Həbib Kərimov - De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Əfsun Səmədzadə - Sosial sifarişlər və layihələr üzrə baş mütəxəssis
- Azərbaycan Pedaqoji Universiteti
- Nailə Hüseynova – “Xüsusi təhsil” kafedrasının müdiri, dosent
- Tamilla Ağayeva – “Xüsusi təhsil” kafedrasının dosenti
- Adilə Mürsəlova – “Xüsusi təhsil” kafedrasının müəllimi
- “Karlara dəstək” İctimai Birliyi
- Kamran Abasov – sədr
Nümayəndələrin iştirakı ilə “İşçi qrup”un iclasları keçirilərək lüğətə daxil ediləcək sözlər, onların jestləri barədə geniş müzakirələr aparılıb. Bu müzakirələr nəticəsində lüğətə daxil ediləcək sözlər seçilib, həmçinin, eyni jestlə ifadə olunan sözlər müəyyənləşdirilib və seçilən sözlər əlifba sırasına uyğun tərtib edilib.
Seçilən sözlərin jestlərinin foto və video çəkilişi aparılıb. Çəkiliş zamanı jestlərin göstərilməsində tərcüməçilər – Kəmalə Ələkərova və Aynurə Novruzova iştirak ediblər.
Foto və video materialların çəkilişinə aktyor olaraq eşitmə və nitq məhdudiyyəti olan şəxslər cəlb edilib:
- Samir Sadıqov
- Orxan Ələsgərov
- Sevarə Ələsgərova
- Mahmud Səfərov
- Nigar Məmmədzadə
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva və Azərbaycan Respublikası Təhsil Nazirliyi nəznində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin tabeliyindəki Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi, Metodiki Birləşmənin sədri Cəmilə Məmmədova tərəfindən videolarda göstərilən hər bir jestin yazılı təsviri hazırlanıb.
Qeyd edək ki, lüğət və veb-sayt Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu ildə təşkil etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən biri olan “Doğma jest dili” layihəsi çərçivəsində hazırlanıb.
Veb-saytın icrası “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti (“NAR”) tərəfindən maliyyələşdirilib.